Naftalanın tarixi


Naftalanın tarixini 5 dövrə bölmək olar.
  I dövr XII – XIII əsrləri əhatə edir. Bu dövrdə böyük Azərbaycan şairi N. Gəncəvinin əsərlərində, italyan səyyahı Marko Polonun “Böyük Tatarıstan” əsərində Naftalan haqqında ilk yazılı məlumatlara rast gəlinir.
  II tarixi dövrü Yeger dövrü adlandırmaq olar. Bu dövr XIX əsrin sonları XX əsrin əvvəllərini əhatə edir. 1873 – cü ildə Naftalanda ilk sənaye buruğunu qazan Yeger E. İ. əvvəlcə naftalandan məlhəmlər hazırlamaq üçün kiçik zavod inşa etmiş və naftalanlı məlhəmlər istehsal etməyə başlamışdır. Həmçinin naftalan vannalarının qəbulu üçün kiçik bir bina da tikdirmişdi. Qısa müddət ərzində naftalana marağın və müalicəyə gələn xəstələrin sayının artdığını görən E. İ. Yeger zavodu və müalicəxananı bağlamış və istehsal edilmiş naftalanın hamısını Almaniyaya göndərərək orada naftalan məlhəmlərinin hazırlanması üçün səhimdar cəmiyyət yaratmışdı. Naftalan məlhəmi qısa bir müddət ərzində Avropada, Rusiyada, Yaponiyada, Amerikada həkimlər arasında böyük şöhrət qazanmışdı. Naftalan məlhəmindən istifadə edən 600 – dən çox həkimin rəyini Yeger “Naftalan haqqında rəylər” adlı bir kitabda toplayaraq 1898 – ci ildə Almaniyada çap etdirmişdir. Həmin kitab rus dilinə tərcümə edilərək 1904 – cü ildə Tiflisdə dərc olunmuşdur. Rusiyada Naftalan haqqında ilk elmi çıxış 1896 – cı ildə F. Q. Rozenbaum tərəfindən Tiflisdə Qafqaz tibb cəmiyyətində edilmişdir.
1912 – ci ildə Almaniyada iki səhimdar cəmiyyət- “Naftalan Drezden”, “Naftalan Maqdeburq” və naftalanın çıxarılması ilə məşgul olan iki firma “Naftalan – Yeger” və “Koramal Naftalan” (Kvel) fəaliyyət göstərirdi. I Dünya müharibəsi zamanı hər bir alman və yapon əsgərinin çantasında naftalan məlhəmləri var idi. Naftalan məlhəmləri o zaman Rusiyaya Almaniyadan bahalı xarici dərman kimi gətirilirdi.I Dünya müharibəsinin başlaması ilə naftalanın Yeger dövrü başa çatdı.
   III dövr Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ilə başlandı. (1920 – 1991) Bu dövrdə Naftalanın geoloji, fiziki, kimyəvi, bioloji, tibbi xüsusiyyətlərinin öyrənildiyi və əldə edilmiş nəticələr əsasında Naftalan kurortunun yarandığı və inkişaf etdiyi bir dövrdür. Bu dövrdə 1935-ci ildə mövsümi 25 çarpayı ilə fəaliyyətə başlamış Naftalan sanatoriyası 1982-ci ildə 3200 çarpayı fondu olan və 6 sanatoriyadan ibarət böyük sanatoriya kurort birliyinə çevrilmişdir. Naftalan kurortu 1965-ci ildən ümumiittifaq əhəmiyyətli sanatoriya, Naftalan qəsəbəsi isə 1967-ci ildə Respublika tabeli şəhərə çevrilmişdir.
   IV dövr 1992 - 2003-cü illər Naftalan sanatoriya kurort birliyinin 5 sanatoriyasında Ermənistandan gələn qaçqınların və Qarabağ köçkünlərinin yerləşdirilməsi kurortun işini demək olar ki, iflic halına saldı. Şəhərin cəbhə xəttinə yaxın yerləşməsi düşmən təbliğatı ilə birlikdə müalicəyə gələn xəstələrin sayının, 10 dəfələrlə azalmasına səbəb oldu.
   V dövr Azərbaycan Prezidentinin “Regionların iqtisadi inkişafı haqqında” fərmanı, “Kurortlar haqqında” qanunun qəbulu, “Kurortların inkişaf proqramı”nın qəbulu Naftalan kurortunun keyfiyyətcə yeni bir istiqamətdə - özəl sektorun inkişafını təmin edəcək bir istiqamətdə yenidən qurulmasına səbəb oldu. Naftalan kurortunun dünya kurortları içərisində özünəlayiq yer tutacağı gün uzaqda deyil.

 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan